MƏDƏNİYYƏT
Görkəmli aktyor Hüseyn Ərəblinskinin qəbirüstü abidəsi açılıb
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-də I Fəxri Xiyabanda görkəmli aktyor, rejissor, peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin qəbirüstü abidəsi açılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər və abidələrinin önünə güllər düzüblər.
Açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinskinin ömür yolu və zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, teatr sənətində öz adını qızıl hərflərlə yazmış elə şəxsiyyətlər var ki, həmin şəxslər qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq və onların adı daim böyük hörmət və ehtiramla yad olunacaq: “Bu gün vəfatından 100 il ötən böyük sənətkar Hüseyn Ərəblinski belə şəxsiyyətlərdəndir. Belə bir təşəbbüs irəli sürüldü ki, onun adına layiq heykəl hazırlansın. Bu abidənin qoyulmasında məqsəd Ərəblinskinin nə qədər dahi insan olduğunu bir daha göstərməkdir. Onun adı ilə Azərbaycan teatrının intibahı, inkişafı dövrü bağlıdır. Hüseyn Ərəblinskinin dövründə milli dramaturgiyanın mükəmməl nümunələri yaranıb, dünya dramaturqlarının əsərləri Azərbaycan dilində tamaşaya qoyulmağa başlanıb”.
Teatr sənətinin Azərbaycan xalqının tarixində özünəməxsus yer tutduğunu söyləyən nazir ölkəmizdə bu sənətin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə son illər aparılan islahatlardan danışıb. Bildirib ki, bu gün açılışı olan Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin hazırlanması da dövlətimizin teatr sənətinə, dünyasını dəyişmiş şəxslərin xatirəsinə verdiyi qiymətin göstəricisidir.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov H.Ərəblinskinin məzarının köçürülmə prosesi barədə məlumat verib, bundan sonra da görkəmli teatr xadimlərinin məzarlarının səliqəyə salınacağını və qəbirüstü abidələrinin ucaldılacağını söyləyib.
Xalq artisti Nurəddin Mehdixanlı, gənc teatrşünas Dağlar Yusif isə çıxışlarında Hüseyn Ərəblinskinin teatr sənətimizin inkişafındakı xidmətlərindən danışıblar.
Çıxışlarda qeyd edilib ki, taleyin qəribə güzarı Hüseyn Ərəblinskini qətlindən sonra da izləyibmiş. Belə ki, ömrü 38 yaşında faciəli şəkildə bitmiş görkəmli aktyoru əvvəlcə Dağüstü parkın yerindəki şəhər qəbiristanlığında dəfn edirlər. Ötən əsrin otuzuncu illərində Dağüstü parkın salınması barədə qərar çıxarılanda mərhumların qohumlarına, varislərinə məzarların köçürülməsi təklif edilir. O zaman gənc rejissor Zəfər Nemətov Ərəblinskinin dəfnində iştirak etmiş teatr xadimləri ilə birlikdə aktyorun nəşinin təzə yaradılan Fəxri xiyabanda torpağa tapşırılmasına nail olur. Çox adi görünüşlü sinə daşı uzun illər xiyaban ziyarətçilərinə böyük aktyor Hüseyn Ərəblinskinin burada uyuduğunu bildirirdi.
Diqqətə çatdırılıb ki, bir qayda olaraq o zaman hazırlanan tamaşaların rejissorluğunu Ərəblinski öz üzərinə götürüb. 1908-ci il oynanılan ilk milli operamız olan Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”unun quruluşçu rejissoru Hüseyn Ərəblinski idi. Müxtəlif vaxtlarda Üzeyir bəy Hacıbəylinin “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu” operalarına, “Arşın mal alan”, “Ər və arvad”, “Məşədi İbad” operettalarına, Zülfüqar bəy Hacıbəyovun “Aşıq Qərib”, “Evliykən subay”, “Əlli yaşında cavan” əsərlərinə dəfələrlə quruluşlar verib.
Sonda abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov çıxış edərək bildirib ki, hələ qırx il əvvəl Hüseyn Ərəblinskinin ömrünün son anlarını səhnədə təsvir edən abidəsinin maketini hazırlayıb, hətta bu maket onun əsərlərinin kataloquna daxil edilib. Odur ki, bu ideyanın qırx ildən sonra gerçəkləşməsi onu çox sevindirir.
Hüseyn Ərəblinskinin qəbirüstü abidəsində aktyor yarı örtülmüş səhnə pərdələrinin arasında, sanki bu səhnədən getmək istəmirmiş kimi təsvir edilib.
Qeyd edək ki, abidə Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb.