MƏDƏNİYYƏT
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
Bakı, 24 may, AZIRTAC
Mayın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində görkəmli alim, Əməkdar elm xadimi Afad Qurbanovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Afad Qurbanovun həyat və yaradıcılığımdan bəhs edən videoçarxa baxıblar.
Sonra alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Afad Qurbanov 1962-ci ildə “Səməd Vurğunun “Vaqif” pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Onun onomalogiyaya dair 100-dək məqaləsi, “Azərbaycan onomastikası”, “Azərbaycan onomalogiyası məsələləri”, “Poetik onomastika”, “Azərbaycan dilinin onomalogiyası” kimi sanballı monoqrafiyaları nəşr olunub. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Gecədə A. Qurbanovun dostları, ailə üzvləri, elm xadimləri və digər qonaqlar iştirak ediblər.