ELM VƏ TƏHSİL
Görkəmli alim Əhəd Canəhmədov Rusiya Təbiət Elmləri Akademiyasının I dərəcəli qızıl nişanı ilə təltif edilib
Bakı, 14 may, AZƏRTAC
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) həqiqi üzvü Əhəd Canəhmədov RTEA-nın İdarə Heyətinin qərarı ilə yüksək elmi nailiyyətlərinə və təbiət elmlərinin kütləviləşdirilməsinə dair fundamental əsərinə görə “Akademiyanın Ulduzu” I dərəcəli qızıl nişanı ilə təltif edilib və ona döş nişanı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, RTEA-nın nizamnaməsinə görə, bu nişan ilə yüksək elmi nailiyyətlər göstərən, elmi məktəb yaradan, akademik hərəkatın inkişafına, RTEA-nın möhkəmlənməsinə və çiçəklənməsinə, xüsusən təbiət elmləri sahəsində töhfəsini verən akademiya üzvləri təltif olunur.
Əhəd Canəhmədov bir sıra xarici ölkə akademiyalarının həqiqi üzvüdür, bir çox ölkələrdə nəşr olunmuş 20-dən çox monoqrafiyanın, 3 elmi kəşfin və 400-dən çox elmi məqalə və patentin müəllifi və həmmüəllifidir. O, geniş auditoriya ilə asanlıqla ünsiyyət qurmağı bacaran istedadlı alim və nümunəvi müəllimdir.
Alimin bu yaxınlarda oxucuların ixtiyarına verdiyi zaman, məkan və yaranış haqqında yazdığı “Mühəndisliyin fəlsəfəsi” elmi-fəlsəfi traktatı cəmiyyətdə ona daha böyük rəğbət qazandırıb. Qeyd edək ki, bu, alimin traktat janrında yazdığı ikinci əsəridir. Müəllif yeni elmi-kütləvi traktatında bəşər tarixinin ən tutarlı səhifələrdən birinə - əvvəlki nəsillərin nailiyyətləri olan elmin və müasir elmi biliklərin inkişaf tarixinə nəzər salır. Müəllif zamana görə səyahət edərək, oxucuları zaman oxu nəzəriyyəsinin valehedici paradiqması və entropiyası ilə tanış edərək, onları orta əsrlərin türkdilli dünyasında təbiətşünaslıq elminin ən maraqlı inkişaf yolu ilə aparır. Əsərdə elmi-fəlsəfi sübutlarla Fövqəlmühəndisin (Yaradanın) mövcudluğuna və təkamülün anlaşılmasına nüfuz edilərək “Kainat necə inkişaf etmişdir?”, “Keçmiş gələcəkdən nə ilə fərqlənir?” və digər bu kimi suallara cavab axtarır. Kitab elmin kütləviləşdirilməsi məqsədilə sadə dildə yazılıb və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.