ELM VƏ TƏHSİL


Görkəmli alim Cəlal Əliyev yetirmələri ilə hər zaman səmimi tələbə-müəllim münasibəti yaradıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bu elm müəssisəsinin kollektivi Fəxri xiyabanda görkəmli şəxsiyyət, böyük alim-pedaqoq Cəlal Əliyevin məzarını ziyarət edib.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktoru Şahniyar Bayramov və digər çıxış edənlər müəllimləri – görkəmli alim Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Qeyd edilib ki, akademik Cəlal Əliyev ciddi və tələbkar müəllim olmaqla yanaşı, hər zaman yetirmələri ilə qayğıkeş, mehriban, səmimi tələbə-müəllim münasibəti yaradıb.

Çıxış edənlər ömrünü elmə, təhsilə həsr edən Cəlal Əliyevin unikal şəxsiyyət olaraq şərəfli, vicdanlı, məsuliyyətli müəllim adını daim uca tutduğunu söyləyib, onun məktəbinin davamçılarının hazırda Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Ukrayna, Koreya və digər ölkələrin nüfuzlu universitetlərində uğurla fəaliyyət göstərdiklərini bildiriblər.

Sonra Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir institutda davam edib. Akademik İradə Hüseynova dünya şöhrətli alim Cəlal Əliyevin tələbələrinin müəllimlərinin ənənəsini və elmi-pedaqoji fəaliyyətlərini bu gün də uğurla davam etdirdiklərini söyləyib.

Akademik Cəlal Əliyevin yetirmələri professor İbrahim Əzizov, institut direktorunun elmi işlər üzrə müavini Ələmdar Məmmədov, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova, biologiya elmləri doktoru Şahniyar Bayramov qeyd ediblər ki, Cəlal müəllim elmdə qazandığı nailiyyətlərini hər şeydən üstün tutub, bildiklərini daim tələbələri ilə bölüşüb.

İnstitutun bioadaptasiya laboratoriyasının böyük laborantı Gülnar Abdullayeva müəllimlərinə təşəkkürünü bildirib və bütün nailiyyətlərini onların zəhməti sayəsində əldə etdiyini söyləyib.

Sonda akademik İradə Hüseynova müəllimlik peşəsini layiqincə davam etdirən və bu adı uca tutan müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.