ELM VƏ TƏHSİL
Görkəmli alim Mirzağa Quluzadə Azərbaycan elminin inkişafına dəyərli töhfələr verib
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin zəngin elmi yaradıcılığından bəhs edib. Onun Ədəbiyyat İnstitutunun sabiq direktoru vəzifəsində çalışdığını, elmi kadrların hazırlanmasında yorulmadan fəaliyyət göstərdiyini diqqətə çatdıran akademik bildirib ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınan M.Quluzadənin Nizami Gəncəvi, Əvhədi Marağayi, Nəsimi, Həbibi, Füzuli kimi klassiklərimizin yaradıcılığı haqqında tədqiqatları bu gün də əhəmiyyətini itirməyib. Yüksək intellektual təfəkkürə malik olan M.Quluzadə geniş diapazonlu fəaliyyəti və zəngin irsi ilə Azərbaycan elminin inkişafına dəyərli töhfələr verib.
Elmi sessiyada filologiya elmləri doktorları Fəridə Əzizova "Mirzağa Quluzadə klassik irsimizin tədqiqatçısı kimi", Məmməd Əliyev "Professor Mirzağa Quluzadə", İmamverdi Həmidov “Professor Mirzağa Quluzadənin elmi-təşkilati fəaliyyətinə dair", Zaman Əsgərli “Mirzağa Quluzadə və dünya ədəbiyyatı”, Mahirə Quliyeva “Mirzağa Quluzadə Məhəmməd Füzulinin sənətkarlıq xüsusiyyətləri və şerinin ənənələri haqqında” mövzularında məruzələrlə çıxış ediblər.
Daha sonra filologiya elmləri doktoru Şirindil Alışanlı, filologiya üzrə fəlsəfə doktorları Rauf Sadıxov və Esmira Fuad alim haqqında xatirələrini bölüşüblər.