Görkəmli alim və qayğıkeş müəllim
AzerTAg.az

Dekabrın 17-si mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun doğum günüdür
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-si görkəmli alim və pedaqoq, mətbuat tədqiqatçısı, professor, “Şərəf” ordenli Şirməmməd Hüseynovun doğum günüdür. Mənalı və şərəfli ömür yolu keçmiş alim səmərəli fəaliyyəti, uğurlu tədqiqatları, dəyərli əsərləri ilə elm və təhsilimizə böyük töhfələr verib.
AZƏRTAC professor Şirməmməd Hüseynovun doğum günündə alimin ömür yolunun və fəaliyyətinin ayrı-ayrı məqamlarına bir daha nəzər salır:
Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. O, 1940-cı ildə orta məktəbi bitirib, Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsi zamanı Zaqatalada və Şəkidə müəllim işləyib. 1950-ci ildə Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib, təhsilini 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında davam etdirib. Ş.Hüseynov 1954-cü ildə namizədlik dissertasiyası müdafiə edib, sonra BDU-da müxtəlif vəzifələrdə çalışıb, 1970-1976-cı illərdə jurnalistika fakültəsinin dekanı olub. Alim 1976-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının müdiri, 1988-ci ildən isə kafedranın professoru olub.
Azərbaycan mətbuat tarixinin görkəmli tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında əvəzsiz rolu olan Ş.Hüseynov zəngin yaradıcılıq yolu keçib. Onun ömür yolunun əsas hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. Alim olduqca səmərəli elmi, pedaqoji fəaliyyət göstərib. Ş.Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasına xüsusi önəm verib və bu sahədə onun əvəzsiz xidmətləri olub. Mətbuat tariximizin tədqiqinə və öyrənilməsinə daim diqqət göstərən Ş.Hüseynov “Həqiqət və ədalət carçısı”, “Mənəvi irsimiz və gerçəklik”, “Mətbu irsimizdən səhifələr” və digər dəyərli kitabların və əsərlərin, müxtəlif adda dərslik və dərs vəsaitlərinin müəllifidir.
Şirməmməd Hüseynov həm də bacarıqlı, zəngin təcrübəyə malik olan pedaqoq idi. Yüksəkixtisaslı jurnalist kadrların hazırlanmasında onun mühüm əməyi olub.
Görkəmli alim, cəfakeş elm, təhsil fədaisi, gözəl insan, qayğıkeş müəllim Şirməmməd Hüseynovun əziz xatirəsi ürəklərdə daim yaşayacaq.
Xəbərin mətnində orfoqrafik səhv var