ELM VƏ TƏHSİL
Görkəmli aqrokimyaçı alim Paşa Zamanovun xatirəsi anılıb
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda görkəmli aqrokimyaçı alim, Əməkdar elm xadimi, professor Paşa Zamanovun xatirəsinə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev görkəmli alimin həyat və fəaliyyətindən, ölkəmizdə aqrokimyanın inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıb. Qeyd edib ki, alimin elmi-tədqiqat işləri sahəsində əmək fəaliyyəti əsasən Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə bağlı olub.
Tədbirdə çıxış edən aqrar elmlər üzrə elmlər doktoru Mustafa Mustafayev, aqrar elmlər üzrə fəlsəfə doktorları Əminə Axundova, Məmməd Məmmədov və alimin tələbələri Paşa Zamanovun elmi-tədqiqat işlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, mərhum alimin elmi uğurları aqrokimyanın bir çox sahələrini əhatə edir. Kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən bitkilərin gübrələnməsi sisteminin öyrənilməsi, gübrələrin verilmə üsulları norması, vaxtı və formasından asılı olaraq bitkilərin məhsuldarlığı və torpaq münbitliyi problemləri onun tədqiqat işlərinin prioritet istiqamətləri olub. Üzvi tullantıların aqroekoloji xüsusiyyətləri alim tərəfindən geniş öyrənilib və onun üzvi gübrə kimi tətbiqi üsulları işlənilib. Müasir ekoloji problemlərin həllində professorun bu sahədəki tədqiqatları ən layiqli töhfə kimi qiymətləndirilə bilər. Görkəmli alimin elmi fəaliyyəti hər zaman dövlətimiz və AMEA-nın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, Paşa Zamanov 2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Onun elmi nailiyyətləri 254 əsərdə, o cümlədən 2 monoqrafiyada, 16 kitabda, 5 metodik tövsiyədə və 14 patent və ixtirada öz əksini tapıb.
Sonda alimin 90 illik yubileyi münasibətilə çəkilmiş film nümayiş olunub.