ELM VƏ TƏHSİL
Görkəmli balet ustasının yubileyi qeyd olunub
Bakı, 13 dekabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) növbəti elmi şurasında Azərbaycan xoreoqrafiya sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, baletmeyster, Xalq Artisti, “Şöhrət” ordenli Tamilla Şirəliyevanın 70 illik yubileyi qeyd olunub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, elmi şuranın sədri, BXA-nın rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev görkəmli balet ustasının həyat və yaradıcılıq yolu haqqında danışıb. Sənətkarın Azərbaycan incəsənətindəki misilsiz xidmətlərindən, dünya balet xəzinəsinə bəxş etdiyi töhfələrdən söz açan rektor qeyd edib ki, T.Şirəliyeva xalqımıza məxsus milli-mədəni zənginliklərin və incəsənətin, həmçinin milli xoreoqrafiya sahəsində əldə etdiyi nailiyyətlərin qorunub saxlanması, təbliği və tədrisi istiqamətində uzun illərdən bəri uğurla fəaliyyət göstərir. Onun Azərbaycan milli balet səhnəsində yaratdığı obrazlar, canlandırdığı rollar milli mədəniyyətə misilsiz töhfədir. Baletmeysterin akademiyada çalışdığı dövrdə ölkəmizdə gənc nəslin mədəniyyətə, incəsənətə, xoreoqrafiya sahəsinə cəlb olunmasında, onların peşəkar balet ustası kimi yetişməsində fəaliyyəti təqdirəlayiqdir.
Bildirilib ki, Azərbaycan milli xoreoqrafiya sənətinin inkişafı sahəsində böyük xidmətlərinə və BXA-da çoxillik məhsuldar pedaqoji fəaliyyətinə görə T.Şirəliyeva fəxri diploma layiq görülüb.
Diplom və xatirə hədiyyəsi yubilyara təqdim olunub.