MƏDƏNİYYƏT
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət edilib
Bakı, 13 may, AZƏRTAC
Bu gün Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anım günüdür.
AZƏRTAC xəbər verir ki, mayın 13-də Qara Qarayevin vəfatının 40-cı ildönümündə tanınmış elm və mədəniyyət xadimləri, tələbələr, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək görkəmli bəstəkarın xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə müəllimi Qara Qarayevin məzarı önündə onunla bağlı xatirələrini bölüşüb, ruhuna dərin ehtiramını bildirib.
Firəngiz Əlizadə Qara Qarayev yaradıcılığının dünyada təbliği məsələsinə də toxunaraq bəstəkarın əsərlərinin dünya səhnələrində ifasından və onun yaradıcılığı haqqında ingilis dilində nəşr olunan kitabların yayımlanmasından söhbət açıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor, Qara Qarayev irsinin tədqiqatçılarından biri olan Zemfira Qafarova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, bəstəkar Azad Zahid, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və digər şəxslər çıxış edərək Qara Qarayev dühasının daim əbədiyaşar əsərləri və xoş xatirələrlə yad ediləcəyini qeyd ediblər.
Vurğulanıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından danışarkən ilk adı yada düşənlərdən biri də məhz Qara Qarayevdir. Onun yaradıcılığı Azərbaycan professional musiqi sənətinin mühüm bir dövrünü təşkil edir. Qara Qarayev dünya musiqi tarixinə öz töhfələrini verməklə elə dünya səviyyəsində də tanınan bir sənətkardır. Bəstəkarı zəngin yaradıcılığı əbədi yaşadır.