MƏDƏNİYYƏT
Görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığına həsr edilmiş tədbirlər davam edir
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, Xalq artisti, akademik Qara Qarayevə həsr olunmuş növbəti tədbir sənətkarın adını daşıyan Mərkəzi İncəsənət Məktəbində reallaşıb.
AZƏRTAC xəbər verir ki, “İntibahdan XX əsrə doğru...” adlı tədbirdə musiqişünas Pərvin Səfərli bəstəkarın yaradıcılığını dünya mədəniyyəti kontekstində müqayisəli şəkildə təhlil edib.
Qara Qarayev yaradıcılığında dahi alman bəstəkarı İohann Sebastyan Bax ənənələrinin təzahürü, xalq musiqisinə yanaşma tərzindən bəhs olunub, sənətkarın professional caza münasibəti, ispan mədəniyyəti və Yeni Vyana məktəbi ənənələrinin əks olunduğu məqamlar, habelə Lev Berq və Q.Qarayevin violin konsertlərindən fraqmentlər videoçarx vasitəsilə təqdim olunub.
İfaçılar Nərgiz Əliyeva, Münəvvər Alıyeva, Jalə Quliyeva və Mahir Tağızadə tərəfindən bəstəkarın prelüdləri, “Üç noktürn” silsiləsindən “Yay gecəsi” səsləndirilib.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında da görkəmli sənətkar yad edilib. Belə ki, “Unudulmaz bəstəkar – Qara Qarayev” adlı kitab sərgisində bəstəkarın not əsərləri, əlyazmaları, səsyazıları və CD-lər, kinofilmlərə və dram tamaşalarına yazdığı musiqi əsərləri, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri, habelə Azərbaycan və müxtəlif dünya dillərində həyat və yaradıcılığı haqqında yazılmış 200-dən çox nəşr yer alıb.
Sabirabad Regional Mədəniyyət İdarəsində “Qara Qarayev: Şərq və Qərbin vəhdəti” adlı tədbirdə idarənin rəisi Əhməd Ramazanov, Sabirabad rayon Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin direktoru Ceyran Xəlilova çıxış edərək Qara Qarayevin Azərbaycan və dünya musiqisinə töhfələr vermiş zəngin yaradıcılığından söz açıblar.