MƏDƏNİYYƏT
Görkəmli bəstəkar Süleyman Ələsgərovun mahnıları səsləndirilib
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunan “Əbədiyaşar musiqimiz” adlı konsert proqramı təşkil edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə bəstəkarın ömür yolu və yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, bəstəkar on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişə xanım”, “Hərənin öz ulduzu” musiqili komediyalarının, “Bahadır və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi-xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifidir.
Görkəmli bəstəkarın xatirəsinə həsr olunan tədbirdə bəstəkarın sevilən musiqi nömrələri təqdim edilib.
Konsertin keçirilməsində məqsəd gənc nəsli Süleyman Ələsgərovun həyat və yaradıcılığı ilə tanış etmək, Azərbaycan musiqisinin zənginliyini göstərməkdir.