ELM VƏ TƏHSİL


Görkəmli bioloq alim Dəmir Hacıyevin 90 illiyi qeyd olunub

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli bioloq alim, həkim və pedaqoq, AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin anadan olmasının 90 illiyinə həsr edilən konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə D.Hacıyevin Azərbaycan tibb elminin inkişafında və təbliğində müstəsna xidmətlərindən, alimin yüksək insani keyfiyyətlərindən danışıb. O, Dəmir Hacıyevin öz intellektual səviyyəsi, təfəkkürü və xarakteri ilə onu tanıyanlar arasında xüsusi hörmət qazandığını qeyd edib.

Görkəmli alimlə bağlı xatirələrini bölüşən AMEA-nın rəhbəri onun 1964-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi biologiya və genetika kafedrasına rəhbərlik etdiyini və həmin dövrdə kafedranın elmi-tədqiqat və tədris proqramlarında mühüm dəyişikliklərin baş verdiyini qeyd edib. Bildirib ki, sözügedən kafedrada respublika faunasının pareontoloji baxımdan tədqiqi ilə məşğul olunub və D.Hacıyev ömrünün yarısını bu kafedranın yenidən qurulmasına həsr edib.

A.Əlizadə bioloq alimin yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini də vurğulayıb. O, D.Hacıyevin yaratdığı elmi məktəbin müasir dövrdə də uğurla fəaliyyət göstərdiyini, öz yeni nailiyyətləri ilə bütün dünyada tanındığını vurğulayıb.

BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov isə görkəmli alimin elmi, pedaqoji və ictimai fəaliyyəti barədə məlumat verib. Bildirib ki, D.Hacıyevin fəaliyyəti ATU ilə bağlı olub, o, 30 ildən çox bu təhsil ocağında çalışıb.

Akademik-katib alimin elmi tədqiqatlarının əsas istiqamətini paleontologiya, paleobiologiyа, paleoteratologiya və paleopatologiya, eləcə də zoologiya, stratiqrafiya, tibbi biologiya, tibbi genetika və kosmik biologiyanın təşkil etdiyini diqqətə çatdırıb.

Görkəmli bioloqun elmi əsərlərinin və dərsliklərinin, mühazirə və məruzələrinin böyük maraqla qarşılandığını deyən Ə.Əmiraslanov D.Hacıyevin tələbəsinin hazırda onun fəaliyyət göstərdiyi kafedraya rəhbərlik etdiyini bildirib. O, D.Hacıyevin şəxsiyyətində xeyirxahlıq, peşəsinə olan sonsuz sədaqət hissi, tələbələrinə göstərdiyi qayğıkeş münasibət kimi keyfiyyətlərin cəmləndiyini vurğulayıb.

Daha sonra ATU-nun tibbi biologiya və genetika kafedrasının müdiri, dosent Vaqif Kərimovun “AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, alim uzun müddət Avrasiyanın miosen faunasını (hipparion) tədqiq edib. Qədim məməlilərin yeni cins və növlərini təsvir edib, Azıx mağarasında çoxtəbəqəli qədim insan düşərgəsini öyrənib. Bununla yanaşı, 60-cı illərdə Məmmədəli Hüseynov tərəfindən Dağlıq Qarabağın cənubunda aşkar edilmiş qədim insan məskəninin öyrənilməsində, dünya miqyasına qaldırılmasında D.Hacıyevin böyük rolu olub. O, Azıx mağarasının 5-ci təbəqəsində aşkar edilən daş alətlərin Orta Aşel mədəniyyətinə mənsub olduğunu təsdiqləyib.

Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova, Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov və digərləri çıxış edərək görkəmli alim haqqında xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən, zəngin elmi yaradıcılığından danışıblar.

Sonda professor Dəmir Hacıyev haqqında sənədli film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.