MƏDƏNİYYƏT
Görkəmli el sənətkarı Aşıq Bəylərin xatirəsi anılacaq
Bakı, 23 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Görkəmli el sənətkarı Aşıq Bəylər Qədirovun xatirəsi anılacaq.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar İncəsənət Xadimi Məhərrəm Qasımlı AZƏRTAC-a bildirib ki, oktyabrın sonlarında Salyanda görkəmli aşığın xatirəsi yad ediləcək.
Qeyd edək ki, o, aşıqlıq sənətinin sirlərini Şamaxı rayonunun Cəyirli kəndindən atasının yaxın dostu Aşıq Abbasdan öyrənib. Özü də sonralar bu sənətin sirlərini gənc aşıqlara öyrədib.
Bəylər Qədirov 1937-ci ildən mükəmməl aşıq kimi tanınıb, dəfələrlə Aşıqlar qurultayının iştirakçısı olub, bir çox fəxri adlar və medallarla təltif edilib. Onun şeirləri dövrünün qəzet və jurnallarında dərc olunub və kitab halında çap edilib.
O, dəfələrlə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertlərdə çıxış edib, 1959-1970-ci illərdə Moskvada “Azərbaycan mədəniyyəti günləri” ongünlüyünün iştirakçısı olub.
Aşığın sənətkar kimi formalaşmasında toy və el şənlikləri mühüm rol oynayıb. Aşıq Bəylər “İbrahim peşrosu” , “Şəşəngi” ”Döymə kərəmi”, ”Ordubadi” , “Şakir gözəlləməsi”, “Qara qafiyə”, ”Göyçə gülü” və digər el havalarının mahir ifaçısı olub. “ Abbas və Gülgəz”, Əsli və Kərəm”, “ Koroğlu” dastanlarının gözəl dillə xalqa çatdırılmasına böyük əmək sərf edib.
Onun “Səhərlər” ,”Muğan”, “Lalə vaxtıdır”, “Yaxşıdır” , “Salyan”, “Azərbaycan” ,” Sarı bülbül”, “Oynayır”, “Gözlərin”, “Bəxtəvər”, “Bu dünyaya səs verək”, “Kəndimiz” və digər şeirləri bu gün də dillər əzbəridi.
Yarım əsrdən çox xalqa xidmət edən Aşıq Bəyləri o vaxtlar aşıq sənətinin “Bülbül”ü adlandırıblar.
Onun ifa etdiyi bir çox musiqi nömrələri və aşıq mahnıları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
Görkəmli sənətkar 1991-ci il iyunun 3-də Salyan rayonunun Çuxanlı kəndində vəfat edib, orada da dəfn olunub.