MƏDƏNİYYƏT
Görkəmli heykəltəraş Münəvvər Rzayevanın xatirəsi yad olunacaq
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 12-də Muzey Mərkəzində Azərbaycanın görkəmli heykəltəraşı və ilk monumentalçı qadın heykəltəraş, Əməkdar rəssam Münəvvər Rzayevanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq tədbir unudulmaz sənətkarın xatirəsini yad etmək, yaradıcılığına olan marağı artırmaq məqsədi daşıyır.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, Azərbaycanın incəsənət tarixindəki xidmətləri vurğulanacaq. Həmçinin, tədbir çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış rəssamın həyat və yaradıcılığına həsr olunmuş xüsusi təqdimat keçiriləcək.
1929-cu il iyunun 6-da Bakıda anadan olan Münəvvər Rzayeva, 1946-1950-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Sonradan o, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil alıb.
M. Rzayeva, əsasən, psixoloji portret ustası kimi tanınır. O, heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayıb.
Heykəltəraş tanınmış sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst barelyeflərini işləyib. Münəvvər Rzayevanın heykəllərində hər bir detal obrazın ümumi ideyasının açılmasında mühüm rol oynayır. Onun işlədiyi Nigar Rəfibəylinin (Gəncə, bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Sergey Yeseninin (Mərdəkandakı muzeyində), Məhsəti Gəncəvinin (Ədəbiyyat muzeyində) heykəlləri öz emosionallığı ilə fərqlənir.
Münəvvər Rzayeva Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəl və büstün müəllifidir. Onun sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3 min 763 metr hündürlüyündəki “Heydər Zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefidir. (uzunluğu 82 sm, eni 59 sm).
Rəssam 2004-cü il iyunun 6-da Bakıda vəfat edib.