ELM VƏ TƏHSİL
Görkəmli kimyaçı alimin 90 illiyi elmi-texniki konfransla qeyd olunacaq
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu (NKPİ) oktyabrın 3-də kimya elmləri doktoru, professor Sultan Sultanovun anadan olmasının 90 illiyinə həsr edilən “Yanacaqlar, yanacaq komponentləri, xüsusi təyinatlı mayelər, yağlar və aşqarlar” mövzusunda respublika elmi-texniki konfrans keçirəcək.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin raket, dizel və reaktiv yanacaqlarının alınması istiqamətindəki rolunu bir daha işıqlandırmaqdır.
Konfransın elmi proqramında reaktiv və raket yanacaqlarının alınma texnologiyası, reaktiv və raket yanacaqları üçün sintetik komponentlər, mühərrik yanacaqları üçün aşqarlar bölmələri üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.
Professor S.Sultanovun əsas elmi istiqaməti Azərbaycan neftləri əsasında istehsal olunan reaktiv yanacağının keyfiyyətini yaxşılaşdırmaq və yeni yanacaq növlərinin alınması olub. Apardığı sistematik və məqsədyönlü tədqiqatları nəticəsində o, Azərbaycan neftlərinin emalında yeni elmi istiqamətin əsasını qoyub.