CƏMİYYƏT


Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 96 illiyi Binəqədi rayonunda qeyd olunub

Bakı, 22 aprel, AZƏRTAC

Binəqədi rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilmiş “Qayğıkeş ana” adlı tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bakı Modern Təhsil Kompleksinin şagirdlərinin Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil etdiyi tədbirdə çıxış edənlər oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verdiyini, oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd ediblər.

Tədbirdə çıxış edən Bakı Modern Təhsil Kompleksinin şagirdləri akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiya sahəsində tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını vurğulayıblar. Həmçinin Zərifə xanım Əliyevanın dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaratdığını diqqətə çatdırıblar. Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub. Şagirdlər Zərifə xanımın işıqlı obrazının yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə yaddaşlarda qalacağını, onun parlaq xatirəsinin daim anılacağını, xalqımızın qəlbində əbədi yaşayacağını xüsusi vurğulayıblar.

Sonra Bakı Modern Təhsil Kompleksi şagirdlərinin ifasında konsert olub. Həmçinin şagirdlərin əl işlərindən ibarət sərgi, gipsdən hazırlanmış və bəzədilmiş nar maketləri və çay daşlarının üzərində işləmələr nümayiş etdirilib. Tədbirə dəvət olunmuş uşaqların vaxtlarının maraqlı keçirilməsi üçün şahmat yarışı, şən estafetlər, futbol-robot oyunları da təşkil olunub. Həmçinin tədbirdə Bakı şəhərindəki kimsəsiz uşaq evlərinin sakinlərinə yardım etmək məqsədilə xeyriyyə aksiyası keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.