REGİONLAR


Görkəmli rəssam Şamil Qazıyevin əsərlərindən ibarət sərgi açılıb

Naxçıvan, 29 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən fırça ustasının yubileyi qədim diyarda yüksək səviyyədə qeyd olunur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərəncama əsasən təsdiq edilmiş tədbirlər planı çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssamın əsərlərindən ibarət sərgi açılıb.

Bu münasibətlə keçirilən tədbirdə muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, 1908-ci il martın 30-da qədim Azərbaycan şəhəri İrəvanda maarif fədaisi Həsən bəy Qazıyevin ailəsində dünyaya göz açan Şamil Qazıyev maraqlı və zəngin bir həyat yolu keçib. O, Naxçıvan Dövlət Musiqili Dram Teatrı və Ordubad Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş 120-dən çox əsərin bədii tərtibatını və geyim eskizini verib, müxtəlif janrlarda və mövzularda bir-birindən orijinal, dəyərli sənət əsərləri yaradıb. Bu gün rəssamlarımız Naxçıvanla bağlı çoxsaylı rəngkarlıq əsərləri yaratsalar da, Şamil Qazıyevin yurdumuzun qədim məişət həyatını, etnoqrafik xüsusiyyətlərini, tarixini əks etdirən əsərləri bizim üçün həmişə maraqlı və dəyərli olacaq.

“Şamil Qazıyevin gənc rəssamların yetişdirilməsi sahəsində də xidmətləri olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gənc yaşlarında onun dərnəyində rəssamlıqla məşğul olub və bu sənəti sevib”, - deyən Natəvan Qədimova vurğulayıb ki, Naxçıvanda görkəmli rəssamın sənətinə hələ sağlığında yüksək qiymət verilib. Ötən əsrin 40-cı illərində təsis edilən “Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adı 1944-cü ildə ilk dəfə Şamil Qazıyevə verilib. 1978-ci ildə onun Naxçıvan şəhərində fərdi sərgisi təşkil olunub. 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi və qayğısı ilə rəssamın 56 rəsm əsərinin daxil edildiyi albom-kataloq Naxçıvanda hazırlanaraq nəşr edilib, təqdimat mərasimi keçirilib. Şamil Qazıyevin 110 illik yubileyinin yüksək səviyyədə qeyd olunması görkəmli rəssamın həyat və yaradıcılığının tədqiqi və təbliği baxımından çox əhəmiyyətli rol oynayacaq.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva və sənətşünas Nizami Alıyev rəssamın həyat və yaradıcılığından danışıblar. Çıxışlarda qeyd olunub ki, görkəmli rəssam etüd, natürmort, portret, peyzaj və qrafika janrlarında müxtəlif əsərlər yaradıb. Şamil Qazıyevin Naxçıvanın məişət həyatını, qədimliyini və tarixini əks etdirən rəsmləri təsviri incəsənətdə bu janrın inkişafı baxımından dəyərlidir.

Sonra görkəmli rəssam Şamil Qazıyevin qızı Natella Qazıyeva çıxış edərək bildirib ki, bu gün Naxçıvanda elmə, təhsilə, mədəniyyətə böyük dövlət qayğısı göstərilir, tanınmış insanların yubileyləri yüksək səviyyədə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam da Qazıyevlər ailəsini çox sevindirdi. Bu, Şamil Qazıyevin şəxsiyyətinə və yaradıcılığına, eyni zamanda, bütövlükdə, muxtar respublikada incəsənətə, mədəniyyətimizə, mənəvi irsimizə verilən yüksək qiymətdir. Natella Qazıyeva sərginin təşkil edilməsində əməyi olanlara minnətdarlığını bildirib.

Sonda Şamil Qazıyevin əsərlərindən ibarət sərgiyə baxış olub. Sərgidə nümayiş olunan “Xırmanda”, “Köhnə dəyirman”, “Köhnə bazar”, “Çörəkbişirənlər”, “Biçin”, “Mədrəsə” və digər əsərlər sərgi iştirakçılarında böyük maraq doğurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.