MƏDƏNİYYƏT
Görkəmli səhnə ustası Hacıağa Abbasovun xatirəsi yad edilib
Bakı, 13 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli səhnə ustası, aktyor, dramaturq, Xalq Artisti Hacıağa Abbasovun 130 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçisi Vüsal Həsənov, Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov, xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Əməkdar Artist Əli Nur, Hacıağa Abbasovun nəvəsi Elşanə Kərimbəyova görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Mədəniyyət mərkəzinin direktoru H.Abbasov səhnə fədaisinin fəaliyyətindən, sənətkarlıq xüsusiyyətlərindən söhbət açıb. Bildirib ki, Hacıağa Abbasov Azərbaycan səhnəsinin bəzəyi olan bir-birindən gözəl obrazlar qalereyası yaradıb. Onun “Hacı Qara”da Hacı Qara, “Yağışdan çıxdıq, yağmura düşdük”də Hacı Qəmbər, “Nadir şah”da Mirzə Mehdi xan, “Dəmirçi Gavə”də Qubad və digər rolları dövrün tamaşaçılarının qəlbində dərin iz buraxıb.
Görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olunub.
“İstedad” xalq çalğı alətləri ansamblının üzvü Mircəlal Babayevin, aktyorun adını daşıyan Mədəniyyət Mərkəzinin “İncəsənət” rəqs ansamblının çıxışları maraqla qarşılanıb.