ELM VƏ TƏHSİL
Görkəmli sənətkar Bülbül milli musiqi mədəniyyətimizin zənginləşməsində misilsiz rol oynayıb
Bakı, 26 dekabr, P.İmanova, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Bülbül və Azərbaycan poeziyası” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, akademik Rafael Hüseynov tədbirin Prezident İlham Əliyevin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 11 may tarixli Sərəncamına əsasən təşkil edildiyini söyləyib.
“Sözün və musiqinin sərrafı” mövzusunda məruzə ilə çıxış edən akademik R.Hüseynov bildirib ki, Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq Bülbül milli musiqi mədəniyyətimizin zənginləşməsində misilsiz rol oynayıb. O, Azərbaycan mədəniyyəti tarixinə milli və Avropa vokal məktəbi ənənələrinin uğurlu sintezinin yaradıcısı kimi daxil olub. Görkəmli sənətkarın dünya klassiklərinin və ölkə bəstəkarlarının opera əsərlərində oynadığı partiyalar, ifa etdiyi muğam və xalq mahnıları musiqimizin qızıl fondunu təşkil edir. “Sənsiz”, “Sevgili canan”, “Ölkəm” və digər romansların mükəmməl ifaçısı olan Bülbül ölkəmizdə vokal sənətini çox yüksək səviyyəyə çatdırıb. Görkəmli müğənni və böyük alim olan Bülbülün Azərbaycanın mənəviyyatında, mədəniyyət tarixində mühüm rolu və yeri olub. Xalqına, kökünə bağlı olan dahi sənətkar dünya mədəniyyətinin ən uğurlu ənənələrini Azərbaycana gətirib. O,1938-ci ildə Moskvada keçirilən Azərbaycan dekadasında çox uğurlu ifasına görə SSRİ xalq artisti adına layiq görülüb.
Yaratdığı koloritli obrazlarla ölməz musiqi və söz nümunələrini yaşadan Bülbül məktəbinin bu günün milli-mədəni tərəqqisində mühüm rolunu qeyd edən akademik görkəmli sənətkar haqqında daha dəyərli və sanballı əsərlərin, kitabların yazılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan folklorunun, xalq ədəbiyyatının gözəl bilicisi olan Bülbül bir sıra folklor nümunələrimizin milli musiqimizə gətirilməsində böyük rol oynayıb. Onun elmimiz, mədəniyyətimiz qarşısında ən böyük xidmətlərindən biri sənətkarın təşəbbüsü ilə 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) nəzdində xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetinin yaradılması olub. O, respublikanın müxtəlif rayonlarına ekspedisiyalar təşkil edib, aşıqlar, qocaman xanəndələrlə söhbətlər apararaq onların yaddaşlarındakı musiqi folklorunu, mədəniyyət irsini yazıya köçürüb, lentə alıb.
Akademik bildirib ki, Ermənistanın torpaqlarımıza, mədəni sərvətlərimizə işğalçı təcavüzü nəticəsində minlərlə milli-mədəni irs nümunəmiz düşmən tərəfindən dağıdılıb və talan edilib. Bunların sırasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialında toplanan yüzlərlə nadir sənət incisi, rəsm əsəri, xalça, miniatür, xatirə əşyaları və arxeologiya nümunələri də var.
Sonra muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialı əməkdaşlarının bu vəhşiliyə, vandalizmə qarşı etirazını dünya muzeylərinə çatdıran müraciəti səsləndirilib.
Elmi sessiyada Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarovanın “Bülbülün həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib. F.Cabbarova milli musiqi mədəniyyətimizin inkişafında, tədqiqində və təbliğində Bülbülün misilsiz xidmətlərindən söz açıb.
Tədbirdə Qarabağın tarixini və ədəbi mühitini əks etdirən sərgi nümayiş olunub. Bülbülün həyatından bəhs edən sənədli film göstərilib, görkəmli sənətkarın ifasında lent yazıları səsləndirilib.