MƏDƏNİYYƏT
Görkəmli sənətkar Muxtar Avşarovun 100 illik yubileyi qeyd olunub
Bakı, 1 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 1-də Dövlət Film Fondunda görkəmli teatr və kino aktyoru, xalq artisti Muxtar Avşarovun 100 illik yubileyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə film fondunun foyesində sənətkarın yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev görkəmli səhnə ustasının həyat və fəaliyyətindən söhbət açıb.
Bildirilib ki, 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində yüzlərlə soydaşlarımız kimi, M.Avşarovun da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutublar, ara sakitləşəndən sonra Gəncə şəhərinə pənah gətiriblər. Şəhərin dəmiryol məktəbində təhsil alan M.Avşarov Ağasəlim Manaflının dram dərnəyinin aktyoru kimi ara-sıra səhnəyə çıхıb. Bir müddət sonra dərnəyə rəhbərlik edən görkəmli aktyor Ülvi Rəcəb Aleksandr Şirvanzadənin “Namus” pyesində Sumbat rolunu M.Avşarova tapşırıb.
Qeyd edilib ki, M.Avşarov Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları məharətlə ifa edib. Ömrünün 65 ilini peşəkar səhnəyə bağlayan, zəngin dünyagörüşünə malik olan, daim səhnəni düşünən sənətkar Gəncə Dövlət Dram Teatrına dəvət olunub. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M.Avşarov sonralar Səməd Vurğunun “Vaqif” pyesində Zülfüqar, Cəfər Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərlərində rollar alıb.
1968-cı ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışıb.
Görkəmli aktyor ”Dəli Kür”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, ”Gün keçdi”, “Kişi sözü”, “Qatır Məmməd”, “Yenilməz batalyon”, “Topal Teymur”, “Tütək səsi” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.
M.Avşarov 1960-cı ildə respublikanın əməkdar, 2002-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Realist yaradıcılığı, müsbət şəxsi keyfiyyətləri ilə yadda qalan aktyor 2004-cü il dekabrın 1-də dünyasını dəyişib.
Mərasimdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, uzun illər M.Avşarovla çiyin-çiyinə çalışmış Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova və digər çıxış edənlər sənətkarın xatirəsinin xalqımızın qəlbində əbədi qalacağını vurğulayıblar.
Tədbir boyu aktyorun rol aldığı filmlərdən fraqmentlər nümayiş etdirilib.