CƏMİYYƏT


Görkəmli sərkərdə Həzi Aslanovun xatirəsi Şuşada və Daşaltıda yad edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Həzilər yetirən Vətən torpağı

Düşmən tapdağında xar ola bilməz!

Çıxsın Qarabağdan yadlar, yağılar

Laçın yuvasında sar ola bilməz!”.

Azərbaycanın dünyaşöhrətli bəstəkarı Qara Qarayevin yetirməsi olan tanınmış bəstəkar Azad Zahidin Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə yazdığı onlarla vətənpərvərlik mahnılarından birində yer alan bu misralar görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 112-ci, əbədiyyətə qovuşmasının isə 77-ci ildönümü ilə əlaqədar mədəniyyət paytaxtımız Şuşada və Daşaltı kəndində keçirilən tədbirlərdə səsləndirilib.

AZƏRTAC xəbər verir ki, Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi polkovnik Abdulla Qurbaninin layihəsi əsasında keçirilən tədbirlərdə Həzi Aslanovun və bütün şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun hərb elminə gətirdiyi yeniliklər xatırlanıb, onun Azərbaycan adını Vətəndən uzaqlarda da hər zaman uca tutduğu qeyd edilib. İstedadlı sərkərdənin tabeliyində olanlara dost, qardaş münasibətləri, yüksək əxlaqi, iradi keyfiyyətləri nümunə kimi göstərilib. Böyük iftixar hissi ilə qeyd edilib ki, bu gün müzəffər Azərbaycan Ordusunun sıralarında Həzi Aslanovun yüzlərlə, minlərlə davamçıları var.

Şuşada və Daşaltıda keçirilən tədbirlərdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulov, Daşaltı və Şuşa uğrunda döyüşlərin iştirakçılarından mayor Mirzə Mehdiyev, baş leytenant Zakir Gözəlov, leytenant Fərid İmaşlı, gizir Üzeyir Süleymanov və başqaları Həzi Aslanov kimi qəhrəman ata-babalarımızın igidlik nümunələrini Vətən müharibəsi cəbhələrində də təkrarladıqlarını bildiriblər. Cəsur hərbçilər Azərbaycan uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, görkəmli sərkərdənin xatirəsi bu il də Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin yaratdığı yüksək əhval-ruhiyyə ilə yad olunub.

Hər sözü döyüşçülərimizi respublikamızın ərazi bütövlüyünün bərpasına, tarixi torpaqlarımızın işğaldan azad olunmasına səsləyən “Həzilər yurdunun mərd oğulları” adlı mahnı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də Həzilər yetirən Vətən torpağının düşmən tapdağında xar olmayacağına, Laçın yuvasında sar ola bilməyəcəyinə, təcavüzkarların işğal edilmiş ərazilərimizdən tezliklə çıxarılacağına əminliyi artırıb. İstər Vətən müharibəsi ərəfəsində, istərsə də qanlı döyüşlərin getdiyi vaxtda bu mahnı da əsgər və zabitlərimizin döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb. Hər gün radio dalğalarından, səyyar təşviqat avtomobillərinin radiostansiyalarından bu mahnının sədaları ətrafa yayılıb. Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin həmin mahnı əsasında hazırladığı klip döyüşçülərimizi qələbəyə səsləyib.

Vətən müharibəsində Azərbaycan xalqının birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, ordumuzun rəşadəti, Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyəti, hücum diplomatiyası və dəmir yumruğunun sayəsində xalqımız və ordumuz Həzilər yetirən Vətən torpağının düşmən tapdağında xar ola bilməyəcəyini bir daha təsdiqlədi.

Azərbaycan xalqı və ordumuzun şəxsi heyəti yaxşı bilir ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır. Hər bir xalq bu yolu keçib. Əgər bu gün hər hansı bir xalq tarix səhnəsindədirsə, deməli, onun tarixi inkişafında, xalq kimi formalaşmasında özünəməxsus qəhrəmanlıq nümunələri olub.

Dünya hərb tarixində Azərbaycanın qəhrəman oğlu Həzi Aslanovun müstəsna rolu var. Onun qısa, lakin mənalı həyat və şanlı döyüş yolu dünən olduğu kimi, bu gün də hər bir Vətən müdafiəçisi üçün nümunədir, örnəkdir.

Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisi olan Həzi Aslanov xalqımızın hansı yüksək mənəvi xüsusiyyətlərə, qəhrəmanlıq ənənələrinə malik olduğunu bütün dünyaya nümayiş etdirib.

Ümummilli lideri Heydər Əliyev vaxtilə deyib: “Atalarımızın, babalarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır”.

Ulu Öndərin ideyalarına həmişə sadiq olan Azərbaycan Ordusunda dahi Heydər Əliyevin bu fikirləri də real təsdiqini tapır, ata-babalarımızın qəhrəmanlıq ənənələri geniş təbliğ edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.