ELM VƏ TƏHSİL


Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və institutun əməkdaşı Namiq Abdullayev II Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Bildirilib ki, akademik Gövhər Baxşəliyeva 29 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan danışıb, Aida xanımın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib. Aida İmanquliyevanın elmi fəaliyyətinin hər bir dövrünü xatırladan Gövhər Baxşəliyeva, onun müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olduğunu söyləyib. Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini vurğulayıb. Qeyd edib ki, Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, institutun Ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilib.

G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.