ELM VƏ TƏHSİL
Görkəmli siyasi xadim Heydər Əliyev ölkəmizi parçalanmaq təhlükəsindən xilas edib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru, professor Mustafa Babanlı 1969-cu ilədək Azərbaycanın sovet ölkələri arasında son yerlərdən birini tutduğunu, müdrik siyasətçi Heydər Əliyevin idarəçiliyə gətirilməsindən sonra ölkəmizin sürətlə inkişaf etdiyini, SSRİ-də öndə gedən respublikalardan birinə çevrildiyini vurğulayıb. Rektor qeyd edib ki, Ümummilli Liderin həyata keçirdiyi kadr islahatlarının nəticələrini bu gün də görə bilirik. Onun idarəçiliyi dövründə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması Azərbaycanın hərbi sahəsində yeni, çox mühüm hadisədir. M.Babanlı 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn görkəmli siyasi xadim Heydər Əliyevin ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdiyini xüsusi vurğulayıb.
Ulu Öndərin istər təhsil aldığı, istərsə də dövlət idarəçiliyində fəaliyyət göstərdiyi illərdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini deyən ADNSU-nun professoru, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bütün vətəndaşlara öz vəzifələrini düzgün yerinə yetirməyi tövsiyə edib.
ADNSU-nun ictimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev dahi rəhbər Heydər Əliyevin sovet dönəmindəki fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşən dosent Tamilla Naibova Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamının bu gün hər bir vətəndaşımız üçün qürur mənbəyi olduğunu söyləyib.