ELM VƏ TƏHSİL
Görkəmli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli müasir dövrümüzdə dünyanın bir çox ölkələrində Yaponiyaya marağın böyük olduğunu qeyd edib. O bildirib ki, Yaponiyanın iqtisadi inkişafı, yapon xalqının tarixən formalaşmış və bu gün də davam etdirilən özünəməxsus adət-ənənələri, bənzərsiz mədəniyyəti daim diqqət mərkəzindədir. Uzaq Şərqi Asiya xalqlarının ədəbiyyatları arasında Azərbaycan dilinə ən çox tərcümə olunan məhz yapon ədəbi nümunələridir. Azərbaycanda, eləcə də bütün dünyada yapon ədəbiyyatının böyük rəğbətlə qarşılanmasının səbəbi ədəbiyyatın yapon mədəniyyətindəki yeri, tarixi inkişafı, yapon dili və yazı sistemi, yapon ədəbiyyatının ictimai keçmişi və yapon dünyagörüşüdür.
İ.Həbibbəyli konfransın təşkil olunmasında Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin təşəbbüsünü yüksək qiymətləndirib. O, görkəmli yapon yazıçısı Haruki Murakaminin 70 illik yubileyinə həsr olunan konfransın keçirilməsinin yapon ədəbiyyatının tədqiqi sahəsində əhəmiyyətli olduğunu vurğulayıb.
Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Keisuke Yamanaka da görkəmli yazıçının yapon ədəbiyyatına bəxş etdiyi töhfələrdən danışıb. O bildirib ki, yazıçının əsərləri 1400 illik tarixi olan yapon ədəbiyyatında öz spesifik xüsusiyyətlərinə, müəllifin romanlarda dərin psixoloji məqamlara toxunmasına görə fərqlənir. Müşavir konfransın keçirilməsini Azərbaycan-Yaponiya ədəbi əlaqələri, Yaponiya ədəbiyyatının Azərbaycanda təbliği baxımından yüksək qiymətləndirib.
Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Gülnar Yunusova “Yapon ədəbiyyatının görkəmli nümayəndəsi Haruki Murakami” mövzusunda məruzə ilə çıxış edərək yazıçının həyat və yaradıcılıq yoluna nəzər salıb. Qeyd edib ki, H.Murakami yapon bədii yaradıcılığı ilə yanaşı, dünya ədəbiyyatında da postmodern ədəbiyyatın kultuna çevrilib. Əsərləri 50-dən çox dilə tərcümə olunan yazıçının böyük rəğbətlə qarşılanmasına səbəb onun dünyagörüşünün yapon düşüncə tərzindən başqa Qərb fəlsəfi fikri ilə də zəngin olmasıdır.
Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Haruki Murakami və Azərbaycan”, yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı “Haruki Murakami və Azərbaycan dilinə tərcümə məsələləri” mövzusunda məruzələrlə çıxış edərək yazıçının yaradıcılığının müxtəlif məqamlarını dəyərləndiriblər və konfransın əhəmiyyətindən bəhs ediblər.
Konfrans çərçivəsində Haruki Murakaminin kitablarından ibarət sərginin təşkili rəğbətlə qarşılanıb.
Sonda akademik İsa Həbibbəyli Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Keisuke Yamanakaya Ədəbiyyat İnstitutunun 3 dildə çap olunmuş kitablarını hədiyyə edib.