MƏDƏNİYYƏT


Görkəmli yazıçı Cəlil Məmmədquluzadə haqqında videoçarx hazırlanıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası mütəmadi olaraq Azərbaycan yazarlarının həyat və yaradıcılığından bəhs edən məlumatlar hazırlayır.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxana bu dəfə oxuculara dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə haqqında videoçarx təqdim edib. Videoçarxı kitabxananın “Facebook” və “Instagram” səhifələrindən izləyə bilərsiniz.

Xatırladaq ki, Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik edib.

İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” povestini də bu dövrdə yazıb. 1904-cü ilin noyabrından Cəlil Məmmədquluzadə “Şərqi–Rus” qəzetinin müvəqqəti redaktoru olub. 1905-ci ilin əvvəllərində “Şərqi–Rus” bağlananda Cəlil Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı verib. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb. 7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub. Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərib.

Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verilib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub, 1977-ci ildə tamaşaya qoyulub) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid atəşinə tutulub.

Cəlil Məmmədquluzadənin realizmi böyük bədii ümumiləşdirmə və tipikləşdirmə qüvvəsinə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.