CƏMİYYƏT


Görülən işlər Prezidentimizin vətəndaşlara diqqət və qayğısının əyani göstəricisidir

Bakı, 25 aprel, Səadət Hakıyeva, AZƏRTAC

Tarixboyu dövlətləri, xalqları çətin və mürəkkəb vəziyyətlərdən liderlərinin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar, qəbul etdiyi vacib qərarlar sayəsində ölkəmiz bütün dünya dövlətlərinin kabusuna çevrilən koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə stabilliyi qoruyub saxlaya bilib. Dövlətin məqsədi də məhz bu idi - bu bəladan mümkün qədər az itkilərlə və az zərərlə çıxmaq. Azərbaycan öz müdrik lideri ilə bu məqsədə nail ola bildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin baş terapevti, Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Yaqub Qurbanov söyləyib.

Azərbaycan Prezidentinin hər zaman olduğu kimi, bu çətin dönəmdə də xalqının yanında olduğunu, vətəndaşının taleyi ilə maraqlandığını diqqətə çatdıran Y.Qurbanov deyib: “Ölkəmizdə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrasına uyğun olaraq Tədbirlər Planı təsdiqlənib, insanların məşğulluğunun artırılması və sosial rifahının yüksəldilməsi üçün böyük məbləğdə vəsait ayrılıb. Tədbirlər Planı çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunmasına nəzarət edilir. Eyni zamanda, işsiz insanlar qeydiyyata alınaraq onlara ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilir. Aprel və may ayları üçün nəzərdə tutulan bu dəstək proqramı ilkin mərhələdə 200 min nəfəri əhatə edirdisə, ikinci mərhələdə bu yardımdan Azərbaycan Prezidentinin qərarı ilə 600 min insan faydalanacaq. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində daim islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur, onlara pul yardımları göndərilir. Xəstəliklə əlaqədar olaraq bütün dünyada vəziyyət gərgindir. Məsələyə həssas yanaşmaq lazımdır. Dövlətimiz vətəndaşı, onun sağlamlığı və rifahı üçün mümkün olan hər şeyi edir”.

Səhiyyə Nazirliyinin baş terapevti diqqətə çatdırıb ki, insan sağlamlığı dövlətimiz üçün çox əhəmiyyətlidir. Xalqımız koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması ilə bağlı görülən işləri yüksək qiymətləndirir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronovirusla bağlı həyəcan təbili çalmamışdan əvvəl Azərbaycan hökuməti bu virusun qarşısının alınması ilə bağlı ilkin tədbirlər həyata keçirib. ÜST virusa yoluxanların mümkün qədər nəzarət altında saxlanması, eləcə də bütün mümkün fəsadlardan yayınmaq məqsədilə ölkənin səhiyyə ocaqlarında profilaktik tədbirlərin təşkili ilə bağlı görülən işlərdən razı qalaraq Azərbaycanı digər ölkələrə nümunə göstərib.

Y.Qurbanov bir səhiyyə işçisi kimi ölkəmizdə koronavirusla mübarizə işinin yüksək səviyyədə və kompleks şəkildə qurulduğunu diqqətə çatdırıb. O deyib: “Səhiyyə sahəsində görülən işlər, insanlara göstərilən xüsusi qayğı bütün vətəndaşlar kimi, biz həkimləri də çox sevindirir. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və göstərişi əsasında ölkənin səhiyyə sistemində mühüm işlər görülüb. Səhiyyə Nazirliyi də öz işini günün tələbləri əsasında qura bilib. Ölkədə 750-dən çox səhiyyə ocağı tikilib və təmir edilərək xəstələrin istifadəsinə verilib. Hər il ölkədə 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Koronavirus pandemiyası ilə mübarizədə bütün qüvvələr səfərbər olunub. Hazırda virusa yoluxan xəstələr 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu yaxınlarda istifadəyə verilən 575 çarpayılıq müasir standartlara uyğun “Yeni klinika” xəstəxanası da xəstələrin ixtiyarındadır. Hazırda çalışdığım Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarında da koronavirus xəstələrinin müalicəsi aparılır.

Dövlət başçısının səhiyyə işçilərinin, həkimlərin əməyini yüksək qiymətləndirdiyini diqqətə çatdıran baş terapevt qeyd edib ki, onların maaşının artırılması göstərilən qayğının bariz nümunəsidir. Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, həkimlərimiz əsl peşəkarlıq, iradə nümayiş etdirir, bu çətin problemin öhdəsindən gəlmək üçün var qüvvələri ilə çalışırlar.

Y.Qurbanov dövlətimizin həssas qrupdan olan təbəqəyə qayğısının təqdirəlayiq olduğunu vurğulayıb. Qeyd edib ki, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmət göstərilir, əlilliyi olan insanlar diqqətdə saxlanılır, həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqqı dövlət hesabına ödənilir. Tələbələrin təhsil haqqı üçün dövlət büdcəsindən 40 milyon manat ayrılıb. Bütün bunlar vətəndaşın dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunmasını deməyə əsas verir.

“İnanırıq ki, xalqımız bu sınaqdan da üzüağ çıxacaq və ölkəmiz daha da inkişaf edərək möhkəmlənəcək”, - deyə Y.Qurbanov fikrini tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.