SİYASƏT
Görüşdə Daşkənddəki Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunmuşdur
Daşkənd, 3 mart (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri və idarə heyətinin üzvləri ilə görüş keçirmişdir.
Görüşdə bu qurumun fəaliyyətinin daha da gücləndirilməsi, işlərin günün tələblərinə səviyyəsinə qaldırılması məsələləri geniş müzakirə edilmişdir.
Səfir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolu məsələsi üzərində xüsusi dayanmış və bildirmişdir ki, Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ölkəmizdə bu sahəyə böyük diqqət yetirilməsinə əyani sübutdur.
N.Abbasov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüslərindən danışmış, bununla belə uzun illər danışıqlar aparılsa da, problemin hələ də həll edilməməsi, ikili standartların danışıqlar prosesinə mane olması haqqında məlumat vermişdir. Səfir bu baxımdan bütün dünyada yaşayan soydaşlarımızın, həmçinin türk dünyasının həmrəyliyi məsələsini önə çəkmişdir.
Səfir qarşıdan gələn Novruz bayramının yüksək səviyyədə qeyd edilməsi və bundan sonra bir il ərzində keçiriləcək tədbirlər planı, həmçinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində görüləcək işlərdən danışmışdır.
Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov, sədrin müavini Əhməd Əliyev, soydaşımız Kamil Məmmədov və başqaları öz təkliflərini vermiş, Mərkəzin fəaliyyətinin səfirliklə əlaqələndirilməsinin vacibliyinə toxunmuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd