REGİONLAR
“Göy mexanikasında üç cisim məsələsi” monoqrafiyası nəşr olunub
Naxçıvan, 13 may, AZƏRTAC
AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Göy mexanikasında üç cisim məsələsi” adlı yeni monoqrafiyası nəşr olunub.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əsər AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Əyyub Quliyevin elmi məsləhət və redaktorluğu, fizika-riyaziyyat elmləri doktoru Səfər Həsənovun rəyi və AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 2022-ci il 29 mart tarixli qərarı ilə Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində çap olunub.
Giriş, 7 fəsil, nəticə, ədəbiyyat və “Cədvəllər”dən ibarət monoqrafiyada göy mexanikasının və astrodinamikanın aktual problemlərindən olan məhdud üç cisim məsələsi araşdırılıb. Olduqca maraqlı mövzunu əhatə edən monoqrafiyada 140-a yaxın elmi ədəbiyyata istinad edilib.
Müəllif əsərin girişində elliptik, dairəvi, hiperbolik və parabolik məhdud üç cisim məsələlərinin öyrənilməsi sahəsində Eylerdən başlayaraq günümüzədək görkəmli astronom və riyaziyyatçıların gördükləri işlər haqqında ətraflı məlumat verib.
Monoqrafiyanın ilk dörd fəsli nisbətən az öyrənilmiş parabolik məhdud üç cisim məsələsinə həsr olunub. Aparılan keyfiyyət və ədədi analizlər əsasında ortalama metodu ilə müstəvi hal üçün məsələnin analitik həlli tapılaraq alınan nəticələr Günəş-planet-ulduz üçlüyünə tətbiq edilib.
Sonrakı fəsillərdə məsələnin konkret astronomik tətbiqləri nəzərdən keçirilib. Tədqiqatçı sınaq ulduzunun hiperbolik yaxud parabolik orbit üzrə Günəş sistemi ilə yaxınlaşması halında planetlərin orbit elementlərinə təsirini, eləcə də planetlərin hərəkətinin dayanıqlığı problemini ətraflı araşdırıb.
Aparılan təhlillər, mühakimələr və riyazi hesablamalar cədvəllər və qrafiklər şəklində təqdim olunub. Hər fəslin sonunda əldə olunan elmi nəticələr ümumiləşdirilib, bu isə aparılan araşdırmanın sistemli qavranılmasında böyük önəmə malikdir.
Yeni tədqiqat əsəri ulduz dinamikası və göy mexanikası sahəsində çalışan mütəxəssislər və gənc tədqiqatçılar üçün faydalı mənbədir.