REGİONLAR
Göyçay Gənclər Mərkəzində Novruz sərgisi açılıb
Göyçay, 16 mart, AZƏRTAC
Göyçay Gənclər Mərkəzində Novruz sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən Gənclər Mərkəzinin direktoru Anar Nağıyev Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, xalqımızın ən əziz, sevimli bayramının tarixi kökləri, adət-ənənələri barədə danışıb.
Sonra sərgiyə baxış keçirilib. Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin rayonun qədim və orta əsrlər tarixinə dair eksponatlar guşəsi, Novruz adət-ənənələrinə aid əşyalar, şirniyyat stolu böyük maraq doğurub. Sərgidə, habelə Səkinə Mürsəlovanın, Nərgiz Səmədovanın, Şəfəq Məmmədovanın təşkil etdikləri fərdi guşələr, göyçaylı idmançıların qazandıqları diplom və medallardan ibarət guşə, uşaq inkişaf mərkəzinin Novruza dair əl işləri və rəsmlər, kitablar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Novruz sərgisi çərçivəsində folklor qrupu konsert proqramı ilə çıxış edib. Habelə söylənilən şeirlər, müxtəlif səhnəciklər, Kosa və Keçəlin şən zarafatları, milli geyimdə rəqslər, yumurta döyüşü iştirakçılarda gözəl bayram əhval-ruhiyyəsi yaradıb.