REGİONLAR
Göyçay çayında "KamAZ”ın batması nəticəsində boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub YENİLƏNİB
Göyçay, 11 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göyçay çayında batan “KamAZ”ın sürücüsü Əziz Əhmədov və sərnişini Hilal Seyidov Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən xilas olunub.
X X X
17.36
Göyçay rayonunda yük avtomobili çaydan keçərkən suda batıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 16 radələrində rayonun Hacalıkənd kənd sakini, 1982-ci il təvəllüdlü Əhmədov Əziz Mətləb oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Potu kəndi ərazisində Göyçay çayı ilə Yuxarı Şirvan kanalının kəsişdiyi ərazidə suda batıb. O, Göyçay çayı üzərindəki körpünü sel apardığı üçün çayın bir tərəfindən o biri tərəfinə yük maşını ilə keçmək istəyib və suyun sürətlə axdığı yerdə idarəetməni itirərək batıb. Su yük maşınını 100 metr apararaq çayın dərin yerinə salıb. Yük maşını tamamilə batıb, sürücü Əziz Əhmədov və sərnişini, Bığır kənd sakini Seyidov Hilal Akif oğlu suda boğulmaqdan son anda xilas olaraq yük maşınının üstünə çıxıblar. Hazırda onlar çayın ortasında köməksiz vəziyyətdə qalıblar.
Əraziyə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin işçiləri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.