REGİONLAR
Göyçay kitabxanaları “Açıq kitabxana” layihəsinə qoşulub
Göyçay, 30 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayon Mərkəzi Kitabxana Sistemi (MKS) Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə keçirilən “Açıq kitabxana” layihəsinə qoşularaq Heydər Əliyev parkında tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbiri Göyçay rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov açaraq layihənin əhəmiyyətindən danışıb, belə tədbirlərin kitabxanalarda oxucu sayının artmasına stimul verəcəyini qeyd edib.
Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Rövşanə Balayeva çıxış edərək, müasir dövrdə gənclərin mütaliədən və kitabdan uzaq düşməməsi üçün kitabxanaların daha məsuliyyətlə işləməli olduğunu, belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini nəzərə çatdırıb.
Sonra oxucular kitablarla tanış olublar. Sərgidə ölkəmizin ictimai siyasi həyatına həsr edilən kitablar da öz əksini tapıb.
Tədbirdə 20-yə yaxın yeni oxucu Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə üzv yazılıb. Oxucu sayının artırılması üçün rayonda belə səyyar kitabxana tədbirlərinin davam etdiriləcəyi qeyd edilib.