REGİONLAR
Göyçay: ötən ilə nisbətən əkin sahələri 5,2 faiz artıb
Göyçay, 11 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
2017-ci ilin birinci yarısında Göyçay rayonunda infrastruktur layihələrinin həyata keçirilməsi, aqrar sahənin daha da inkişaf etdirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, məhsul istehsalı və xidmətlərin ümumi dəyəri 2016-cı ilin birinci yarısına nisbətən 8,2 faiz və ya 5,5 milyon artaraq 126,3 milyon manat olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ötən altı ay ərzində Göyçay rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib. Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, hesabat dövründə aqrar sahədə də müəyyən uğurlar əldə edilib. Bu il 22 min 324,2 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılıb ki, bu da ötən ilə nisbətən 1119,2 hektar və ya 5,2 faiz çoxdur. Cari ildə 14 min 841 hektar sahədə dənli və paxlalı bitkilər, 433,7 hektar sahədə qarğıdalı, 219 hektar sahədə çəltik, 41 hektar sahədə soya, 156 hektar sahədə kartof, 1080,5 hektar sahədə tərəvəz, 5724 hektar sahədə yonca əkilib.
Cari mövsümdə 14 min 617 hektar sahədə taxıl biçilib, 41,2 min ton məhsul toplanılıb. 44 kumdarla ipək qurdu bəslənməsi üçün müqavilələr bağlanılıb, 5293 kiloqram barama tədarük edilib. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 14,3 milyon manat vəsait yönəldilib, 5,4 milyon manatlıq tikinti işləri görülüb.
Sonda rayon idarə və təşkilat rəhbərlərinin cari ilin birinci yarısında görülmüş işlər barədə məlumatları dinlənilib, mövcud vəziyyət ətraflı müzakirə olunub.