CƏMİYYƏT


Göyçay rayonunda fəaliyyət göstərən ayrı-ayrı qurumların vəzifəli şəxslərinin birgə törətdikləri qanunsuz əməlləri ifşa edilib

Bakı, 19 aprel, AZƏRTAC

Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Nəbiyev Ramin Cavanşir oğlu, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Kərimov Qurban Ağarəhim oğlu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Hacıyev Mübariz Hüseyn oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan vəzifələrdə işləyərkən Ramin Nəbiyev Qurban Kərimov və Mübariz Hacıyev ilə qabaqcadan əlbir olaraq bələdiyyənin mülkiyyətində olan dağlıq ərazidə yerləşən torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına icazə verilməsi və buna müvafiq şəraitin yaradılması müqabilində ümumilikdə 9 min manat məbləğində pul vəsaitini rüşvət qismində tələb edib aldığına görə 2021-ci il aprelin 17-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər üç şəxs saxlanılıb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ramin Nəbiyev, Qurban Kərimov və Mübariz Hacıyevə 2021-ci il aprelin 17-də Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib və məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.