ELM VƏ TƏHSİL
Göyçay və Ağdaşda alimlərin mühazirələri təşkil olunub
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İslam Həmrəyliyi İli" çərçivəsində müxtəlif bölgələrin orta ixtisas, peşə və ali təhsil müəssisələrində ictimai xadimlərin mühazirələrini və görüşlərini təşkil edir. Belə görüşlərdən biri Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli ilə keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə kollecin direktoru Xəlil Orucov müəllim və tələbələrin ölkəmizin daxili və xarici siyasətinin mahiyyəti barədə məlumatlandırılması baxımından bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.
Bilik Fondunun maarifləndirici fəaliyyətindən danışan qurumun Göyçay rayon nümayəndəsi, Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbinin direktoru Sevda Vəliyeva kollecin kollektivi ilə əməkdaşlığın perspektivlərindən söz açıb.
“Azərbaycan folklorunda dini həmrəylik motivləri” mövzusunda mühazirə oxuyan Atəş Əhmədli fərqli din və dil daşıyıcılarının tarixən Azərbaycanda sülh şəraitində yaşadıqlarını diqqətə çatdırıb, tolerant həyat tərzinin ədəbiyyatda, xüsusən folklor janrında geniş şəkildə əksini tapdığını bildirib.
Ağdaş Peşə Məktəbində AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilovun “Gənclərin dini, mili mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyəsi Azərbaycan dövlətinin siyasətində” mövzusunda mühazirəsi də təşkil olunub.
İcra strukturlarının təmsilçiləri, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev gənclərin milli mənəvi dəyərlərə bağlı olmalarının vacibliyini vurğulayıb, rayon rəhbərliyinin bu istiqamətdə gördüyü işlərdən danışıb.
Ağdaş Peşə Məktəbinin müdiri Əlican Nəsibov tələbələrə peşə sirləri ilə yanaşı, dövlətə, dövlətçiliyə, dəyərlərə sədaqət ruhu aşılamağın onların həyatında müsbət dəyişikliklərə yol açacağını qeyd edib.
A.Xəlilov mühazirəsində gənclərin dini, mili mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyəsinə həm dövlət, həm də cəmiyyət tərəfindən böyük önəm verildiyini bildirib. Dövlətin gənclər siyasətinin mahiyyətindən danışan alim xalqımızın mənəvi dəyərlərə söykənərək ucaldığını deyib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə nəşr olunmuş elmi, ədəbi-bədii, dini kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyəsi nəzərə alınmaqla Ağdaşda və Göyçaydakı məscidlərə hədiyyə olunub.
Həmçinin fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Ağdaş şəhər 9 nömrəli ümumi orta məktəbdə “Bilik Fondu və Azərbaycan cəmiyyətinin maariflənməsi”, Göyçay şəhərindəki Əbülfəzl Abbas məscidində “Vəhdət namazı: islam birliyi və həmrəyliyinin Azərbaycan nümunəsi” və Göyçaydakı “AzNar” Qapalı Səhmdar Cəmiyyətində “Dövlət müstəqilliyimiz - ən böyük milli sərvətimizdir” mövzularında mühazirələr oxuyub.