REGİONLAR
Göyçayda 14 min hektar sahədə taxıl səpini aparılıb
Göyçay, 1 dekabr, AZƏRTAC
Göyçay rayonunda fermerlər və digər torpaq mülkiyyətçiləri taxıl səpini kampaniyasını uğurla davam etdirirlər.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, gələn ilin məhsulu üçün 15 min 500 hektar sahədə taxıl səpini aparılması nəzərdə tutulur. Artıq indiyədək 14 min hektar sahəyə toxum səpilib ki, bunun da 7430 hektarını buğda, 6570 hektarını arpa təşkil edir. Rayon əkinçiləri buğda səpinini dekabrın 10-dək başa çatdırmağı nəzərdə tuturlar.
Göyçayda səpin kampaniyasının aqrotexniki qayda müddətdə başa çatdırılması üçün taxıl istehsalçılarının istifadəsinə lazımi sayda texnika, kifayət qədər toxum və mineral gübrə verilib. Səpindən əvvəl taxıl sahələrində müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılır.
Xatırladaq ki, cari ilin yayında göyçaylı fermerlər 15 min 254 hektar sahədən ümumilikdə 27 min 442 ton taxıl toplayıblar.