REGİONLAR
Göyçayda 4 kəndi birləşdirən avtomobil yolu yenidən qurulur VİDEO
Göyçay, 6 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Hazırda Göyçay rayonunda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur.
Göyçay Rayon İcra Hakimiyyətinin sifarişi ilə “ATF-İnşaat” MMC-nin briqadası tərəfindən hazırda 12 minə yaxın əhalisi olan Qarabaqqal, Hacalıkənd, Bığır və Qaraman kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir. 1990-cı ildə inşa edilən və son vaxtlar dağılaraq bərbad hala düşən III dərəcəli bu avtomobil yolunun yenidən qurulmasına bir ay əvvəl başlanılıb. Əvvəlcə Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə Yuxarı Şirvan kanalı üzərində yeni inşa edilən “Göyçay-1” Su Elektrik Stansiyasını birləşdirən bu kəndlərarası avtomobil yolunun kənarındakı bütün elektrik və rabitə dirəkləri, eləcə də naqillər dəyişdirilərək yenisi ilə əvəz edilib, müasir transformatorlar quraşdırılıb. Yol kənarındakı suvarma arxları lil və çöküntüdən təmizlənib, ağaclar budanaraq rənglənib, ərazidəki kol-kos təmizlənərək səliqə-sahman yaradılıb, mağazaların və hasarların fasadı rənglənib. Həmçinin, avtomobil yolunda aparılan torpaq tarazlama işləri bu günlərdə başa çatdırılıb və hazırda asfaltlama işləri görülür. Ümumi uzunluğu 6.8 kilometr, eni 6 metr, qalınlığı 10 santimetr olan yolun çəkilişi üçün əraziyə 15 ədəd müxtəlif təyinatlı texnika və
25-ə yaxın işçi qüvvəsi cəlb edilib. Bugünədək yolun 2 kilometrlik hissəsinə yeni asfalt örtüyü döşənib. İşlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.
Hacalıkənd kənd sakini İntiqam Nəsirov, sürücü Sənan Salmanov AZƏRTAC-a müsahibələrində uzun illərdən sonra bu yolun yenidən çəkilişinə görə çox sevindiklərini bildiriblər. Onlar deyib: “Bu 4 kənddə əhali yol sarıdan neçə illərdir ki, əziyyət çəkirdi. Çala-çuxurlu kənd yolları ilə qısa məsafəni qət etmək üçün böyük vaxt sərf olundu. 25 il əvvəl çəkilən bu yol təmir-bərpa edilmədiyi üçün tamamilə dağılaraq yararsız hala düşmüşdü. Yolun bərbad vəziyyətə düşməsi avtomobillərin ehtiyat hissələrinin tez-tez dağılmasına səbəb olurdu ki, bu da sürücüləri əlavə xərcə salırdı. Müasir standartlara uyğun yeni yolun çəkilişi başa çatdıqdan sonra kənd sakinlərinin rayon mərkəzinə rahat gediş-gəlişinə şərait yaranacaq”. Kənd sakinləri yeni yolun çəkilişinə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, son 6 ay ərzində Göyçay şəhərində 30-a yaxın küçə yenidən asfaltlanıb, eləcə də Cəyirl-Mallı Şıxlı-Ərəğşahverdi və Müskürlü-Qəbələ Müskürlü kəndlərarası avtomobil yollarına yeni asfalt örtüyü döşənib.