REGİONLAR


Göyçayda “Əbədiyaşar ədiblər” abidə kompleksi inşa edilib

Göyçay, 16 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda ilk dəfə olaraq Azərbaycanın əbədiyaşar şair və yazıçılarının xatirəsinin əbədiləşdirilməsi üçün abidə kompleksi inşa edilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Əli Kərim adına Göyçay şəhər parkında bir ildir ki, aparılan əsaslı yenidənqurma işləri başa çatıb. Parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Vaxtilə parkın ərazisində dəfn edilən tanınmış şair Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları bərpa edilib, mərmərdən hazırlanan baş və sinə daşları qoyulub, ətrafı abadlaşdırılıb. Görkəmli şair Əli Kərimin heykəli parkın mərkəzinə gətirilərək bərpa işləri görülüb, ətrafına mərmər daşlar düzülüb. Əraziyə tamet plitələr döşənib, su xətti çəkilib, yeni işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb. Gül kolları əkilib, yaşıllıq sahəsi salınıb. Parkın giriş qapısı yenidən qurulub, hasarına üzlük daşları vurularaq abad görkəmə gətirilib. Bundan əlavə parkda yerləşən “31 mart-Azərbaycanlıların Soyqırımı” abidə kompleksi əsaslı təmir edilib, ətrafında abadlıq işləri görülüb.

Həmçinin parkın ərazisində Göyçay rayonunda ilk dəfə olaraq “Əbədiyaşar ədiblər” kompleksi inşa edilib. Ümumi sahəsi 800 kvadratmetr olan kompleksdə 18 ədibin - Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Nigar Rəfibəyli, Rəsul Rza, Hüseyn Cavid, Mikayıl Müşfiq, Mircəlal Paşayev, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Araz, Bəxtiyar Vahabzadə, İsgəndər Coşqun, İbrahim Göyçaylı, Əli Səmədlinin büstləri qoyulub, kitab abidəsi tikilib. Yaxın günlərdə əsaslı şəkildə yenidən qurulan Əli Kərim adına parkın açılış mərasimi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.