REGİONLAR
Göyçayda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi icra edilir
Göyçay, 22 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
AFFA-nın və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 22-də “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində idman tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev, rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə və layihənin koordinatoru Kərim Ağayev çıxış ediblər.
Bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd regionlarda uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Vurğulanıb ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və respublikamız hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib.
Çıxış edənlər UEFA-nın Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərarını ölkəmizin idman həyatı üçün əlamətdar hadisə kimi qiymətləndiriblər.
Tədbirdə uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.
Sonra uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.