REGİONLAR
Göyçayda Rəsul Rza və Anarın doğum günü qeyd edilib
Göyçay, 21 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda Xalq Şairi Rəsul Rzanın anadan olmasının 108-ci ildönümü və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın 80 illik yubileyi qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Əli Kərim adına Göyçay şəhər parkında keçirilən ədəbi-bədii tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun sədri, Xalq Şairi Fikrət Qoca, Milli Məclisin deputatı Aqil Abbas, şəhər icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edib, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Rəsul Rza yaradıcılığından, onun həyat və fəaliyyətindən danışıblar.
Bildirilib ki, Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olub. O, milli söz sənətimizə yeni forma və ruh gətirmiş novator şairdir. Uzun illər çox dəyərli ədəbi nümunələr yaratmaqla yanaşı, respublikanın elmi-mədəni həyatında da yaxından iştirak edib. Qeyd olunub ki, Rəsul Rzanın xatirəsinin əbədiləşdirilməsi üçün şairin doğulduğu və yaradıcılıqla məşğul olduğu Göyçay şəhərində ev-muzeyi fəaliyyət göstərir. Həmçinin rayon mədəniyyət evi, orta məktəblərdən və küçələrdən birinə onun adı verilib, büstü qoyulub.
Xalq Yazıçısı Anarın yubileyi münasibətilə təbriklərini çatdıran natiqlər onun yaradıcılığından da söz açıblar. Bildirilib ki, Anarın yaradıcılığının əhatə dairəsi və onun əsərlərinin yayılma coğrafiyası çox genişdir. Diqqətə çatdırılıb ki, şair və tərcüməçi olan Anar həm də bədii filmlərin ssenaristi kimi böyük uğurlara imza atıb. Onun ssenarisi əsasında çəkilən “Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Ötən ilin son gecəsi”, “Nəsimi”, “Qəm pəncərəsi” bədii filmləri bu gün də tamaşaçılar tərəfindən çox sevilir.
Ədəbi-bədii mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar özünün və atasının yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra əsaslı yenidənqurma işləri aparılan Əli Kərim parkının ərazisində inşa edilən “Əbədiyaşar ədiblər” kompleksi ilə tanışlıq olub. Məlumat verilib ki, ümumi sahəsi 800 kvadratmetr olan kompleksdə 18 ədibin - N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, X.Natəvan, M.Ə.Sabir, N.Rəfibəyli, R.Rza, H.Cavid, M.Müşfiq, M.Paşayev, S.Vurğun, S.Rüstəm, M.Araz, B.Vahabzadə, İ.Çoşqun, İ.Göyçaylı və Ə.Səmədlinin büstü qoyulub, kitab abidəsi inşa edilib.
Sonra məktəblilər bu dahi ədiblərin şeirlərini söyləyib, bədii kompozisiya təqdim olunub.