REGİONLAR
Göyçayda Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla anılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Göyçay rayonunun Vətən Müharibəsi şəhidi Fərid Mövsümovun xatirəsi doğum günündə ehtiramla anılıb, rayonun küçələrindən birinə şəhidin adı verilib.
AZƏRTAC xəbər verir ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən Şəhid ailəsinə başsağlığı verilib şəhidimizin ruhu dərin hüznlə yad edilib. Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi bildirilib. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə dövründə torpaqlarımızı işğaldan azad etdi, xalqımıza yaşatdığı möhtəşəm Qələbə sevinci yaşatdı. Ordumuzun Vətən uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın qisasını döyüş meydanında aldı.
Şəhid Mövsümov Fərid Zakir oğlu 1987-ci il sentyabrın 19-da Göyçay şəhərində ziyalı ailəsində anadan olub. Fərid uşaq vaxtı çox vətənpərvər, həyat eşqi ilə dolu, şən və savadlı uşaq olub. Fərid vətəninə, torpağına, bayrağına bağlı insan idi. Onun ən böyük arzusu Polad Həşimov kimi qəhrəman oğullarımızın intiqamını almaq idi.
2005-2007-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2020-ci ilin sentyabr ayının sonlarında isə işini, təhsilini yarımçıq qoyaraq Vətən Müharibəsində iştirak etmək üçün öz ərizəsi ilə könüllü olaraq hərbi hissəyə adını yazdırıb, oktyabrın 5-də döyüşlərə yollanıb.
İlk öncə Tərtər istiqamətində gərgin döyüşlərdə iştirak edib, daha sonra Füzulinin Qaraxanbəyli kəndində gedən döyüşlərdə mərd, qorxmaz bir əsgər kimi qəhrəmancasına şəhid olub.
Oktyabrın 30-da Göyçay rayon Şəhidlər xiyabanında dəfn olunub.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına ilə Fərid ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin.