REGİONLAR
Göyçayda Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla yad edilib
Göyçay, 3 oktyabr, AZƏRTAC
Göyçay rayonunun Ləkçılpaq kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Elvin Mübariz oğlu Məmmədovun vəfatının ikinci ildönümündə xatirəsi məzarı önündə ehtiramla yad edilib. Anım mərasiminə rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Milli Məclisin deputatı Sabir Hacıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, din xadimləri, kənd sakinləri qatılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüblər.
İcra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad edib. Vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha təstiqlədi.
Çıxışlarda şəhid Elvin Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb.
Qeyd edilib ki, şəhid Elvin Məmmədov 1996-cı il fevralın 26-da Göyçayın Ləkçıplaq kəndində anadan olub. 2020-ci ilin sentyabrında hərbi təlimlərə cəlb edilib, həmin ilin oktyabrın 1-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Anım mərasimində şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.