REGİONLAR
Göyçayda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib
Bakı, 24 noyabr, AZƏRTAC
Göyçayda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş Babək Səmidlinin anım günü mərasimi keçirilib.
Milli Məclisin 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə deputatı Məzahir Əfəndiyevin də iştirak etdiyi anım tədbirində Babək Səmidlinin keçdiyi döyüş yolundan bəhs olunub. Göyçay rayon Şəhidlər xiyabanında şəhid Babək Səmidlinin məzarı ziyarət olunub, ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarının unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.
Göyçay şəhər 6 saylı tam orta məktəbdə şəhid Vasif Məmmədovun da əziz xatirəsi ehtiramla yad edilib. Deputat Məzahir Əfəndiyev İkinci Qarabağ müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Həmçinin Göyçayda şəhid Vidadi Xəlilov və şəhid Maarif Həsənovun ailələri də ziyarət edilib.
Ziyarətlər zamanı müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən, bu Qələbənin əldə olunması üçün canlarını fəda etmiş şəhidlərin keçdiyi döyüş yolundan bəhs olunub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərdikləri qeyd edilib.