REGİONLAR
Göyçayda “Xəritədə Vətənimiz” adlı yeni layihənin açılış mərasimi keçirilib
Göyçay, 4 iyun, AZƏRTAC
Göyçayda Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Göyçay üzrə nümayəndəliyinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə reallaşacaq “Xəritədə Vətənimiz” adlı yeni layihənin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Ağdaş Regional Mədəniyyət İdarənin rəis müavini Sahib Şükürov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov, GİKM-nin Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov çıxış edərək, layihənin rayon üçün faydalılığından və turizmin inkişafına verəcəyi dəstəkdən danışıblar. Qeyd olunub ki, layihə çərçivəsində gənclər rayonda yerləşən tarixi və təbiət abidələrini, qədim tikililəri, digər mədəni-strateji obyektləri “Google maps” sisteminə salacaq və məlumatları Vikipediya virtual ensiklopediyasına yerləşdirəcəklər. Layihənin icrası zamanı rayonda yaşayan tarixçilər ekspert qismində iştirak edəcəklər. Tarixi məlumatlar müzakirə edildikdən sonra ensiklopediyaya salınacaq.
Üç ay davam edəcək layihənin sonunda bağlanış mərasimi keçiriləcək və nəticələr Göyçay ictimaiyyətinə çatdırılacaq.