REGİONLAR
Göyçayda əkinlərin suvarılmasını və sel sularından mühafizəsini təmin etmək istiqamətində tədbirlər görülür
Göyçay, 9 mart, AZƏRTAC
Göyçay rayonunda yaz və yay aylarında əkin sahələrinin suvarılması və yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə arxların lil və çöküntülərdən təmizlənməsi işlərinə başlanılıb.
Rayonun suvarma sistemləri idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 20 kənddə su arxlarının yenidən qazılması nəzərdə tutulur. Hazırda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon ərazisindəki torpaqların münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi tədbirləri çərçivəsində kəndlərdəki kollektor-drenaj şəbəkələrindən lil və çöküntülərin kənarlaşdırılması işləri görülür. Bu günədək 7 kilometr uzunluğunda suvarma arxı, 5,6 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi lil və çöküntülərdən təmizlənib.
Həmçinin Göyçay şəhərinin və çaykənarı kəndlərin əkin sahələrini sel-sularından mühafizəsi işləri davam etdirilir. Son bir ildə Göyçay çayının məcrasında 180 metr uzunluğunda daş-beton bənd çəkilib. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə sahilbərkitmə işləri davam etdirilir.