REGİONLAR
Göyçayda fermerlər çəltik yığımına başlayıblar VİDEO
Göyçay, 25 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Hələ sovet dövründə Göyçayda çəltikçiliyə kifayət qədər maraq olub və fermerlər hər il çəltik yetişdiriblər. Ötən əsrin 90-cı illərində bu sahəyə maraq azalsa da, 2008-ci ildən etibarən fermerlər yenidən çəltikçiliyi dirçəltməyə başlayıblar. Dövlət dəstəyindən yararlanan rayon sakinləri çəltik sahələrini ilbəil genişləndirirlər. Əgər 2008-ci ildə rayonda 45-50 hektar sahədə çəltik əkilidirsə, hazırda bu rəqəm 250 hektara çatıb.
AZƏRTAC xəbər verir ki, fermerlərə bu sahədə dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları bölgəyə ezam olunur və yerlərdə mütəmadi görüşlər keçirirlər.
Hazırda rayonun Alpout kəndində çəltik yığım davam edir və sahələrdə bol məhsul müşahidə olunur. Fermerlər bu sahəyə subsidiya ayrılması prosesinin sürətləndirilməsini istəyirlər. Onların sözlərinə görə, əgər belə olarsa, bu sahə daha çox inkişaf edər, eləcə də idxalın qarşısı alınar.
Qeyd edək ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının bölgələrdə fermerlərlə görüşlər keçirməyinin əsas məqsədi çəltikçilik sahəsində mövcud problemləri aradan qaldırmaq, Dövlət Proqramından irəli gələn məsələləri həll etmək, çəltik sahələrini artırmaq, məhsuldarlığı və məhsulun keyfiyyətini yüksəltmək, nəticədə idxaldan asılılığı aradan qaldırmaq, ixracyönümlü, rəqabət qabiliyyətli məhsul istehsal etməkdən ibarətdir.