REGİONLAR
Göyçayda istixanalardan 28610 tondan çox tərəvəz yığılıb
Göyçay, 17 sentyabr, AZƏRTAC
Göyçayda cari ilin ötən müddətində istixana təsərrüfatlarında 28610,4 ton məhsul istehsal olunub. Yığılan məhsulun 2021 tonu xiyar, 26589,4 tonu pomidordur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, əksər ərazi dairələrində, o cümlədən Ləkçıplaq, Şəkər, Mırtı və bir sıra digər ərazi dairələrində istixana təsərrüfatlarında bol məhsul yetişdirilib. Göyçaylı tərəvəzçilər istehsal etdikləri məhsulu nəinki yerli, xarici bazarlara da çıxarılar. Builki təsərrüfat ilində yığılan pomidorun təqribən 70 faizi və ya 18612, 58 tonu Rusiya, Moldova və Ukrayna bazarlarında satılıb.
Qeyd edək ki, Göyçayda istixana təsərrüfatlarının ərazisi ildən-ilə genişləndirilir. Hazırda istixanalar 280,9 hektardır ki, bu da ötən ildəkindən 29 hektar çoxdur.