Göyçayda karantin rejimi ilə bağlı reyd keçirilib
AzerTAg.az
Göyçay, 29 yanvar, AZƏRTAC
Göyçay rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirlər zamanı ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və tələblərə əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkar edilərək inzibati məsuliyyətə cəlb olunublar.
Mağazalarda, eləcə də digər qapalı obyektlərdə keçirilən yoxlamalar zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən alıcı və satıcılara rast gəlinib. Onların barəsində inzibati tənbeh tədbirləri görülüb.
Sanitar-karantin qaydalarına əməl etməklə fəaliyyət göstərməyin vacibliyi sahibkarların, eləcə də alıcıların diqqətinə çatdırılıb.




Xəbərin mətnində orfoqrafik səhv var