REGİONLAR
Göyçayda məktəblər yeni dərs ilinə hazırlaşır
Göyçay, 27 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunun orta ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam etdirilir.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, orta məktəblərdə təmir-bərpa işləri görülür, səliqə-sahman yaradılır. Hazırda Mallı-Şıxlı kənd orta məktəb binasında əsaslı təmir, Potu, Alıkənd və Hüngütlü kənd məktəblərinin, şəhər 8 və 9 saylı orta məktəblərin, eləcə də Göyçay rayon Texniki Yaradıcılıq Mərkəzinin binalarında cari təmir işləri aparılır.
Bu günlərdə Göyçay rayonunda fəaliyyət göstərən məktəblərin Azərbaycan və rus dili bölmələri üçün 136 adda 65 min 416 ədəd dərslik gətirilərək təhsil ocaqlarına paylanılıb. Məktəblərdə bütün siniflərin şagirdləri dərsliklərlə təmin ediləcək. Yeni tədris metodu olan kurrikulumun tətbiqi ilə əlaqədar bu il Göyçayın orta məktəblərinin 9-cu sinif şagirdləri üçün 33 adda 20 min 708 ədəd yeni dərslik gətirilib.
Bundan əlavə, müəllimlər üçün Azərbaycan və rus dillərində 34 adda 3131 ədəd metodiki vəsait rayona gətirilərək paylanılıb.