REGİONLAR
Göyçayda şagirdlər arasında keçirilən buraxılış imtahanları başa çatıb
Göyçay, 18 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də Göyçay rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib.
DİM-in Göyçay regional mərkəzinin müdiri Məhəmməd Məmmədov AZƏRTAC-ın müxbirinə bildirib ki, buraxılış imtahanları Göyçay şəhər 1, 6 və 7 nömrəli tam orta məktəblərdə təşkil olunub. İmtahan mərkəzlərində şagirdlərə biliyini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. Göyçayda buraxılış imtahanlarında 1335, ilk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında isə 70 şagird iştirak edib. Burada imtahanlar 9 nəfər imtahan rəhbəri və 122 nəzarətçi-müəllim tərəfindən idarə olunub. İmtahanlar təlimata uyğun olaraq saat 11:00-da başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri Göyçay şəhər 1 nömrəli orta məktəbində imtahan prosesini izləyib. İmtahanların keçirilməsi üçün bu məktəbdə 22 otaq ayrılıb. Ümumilikdə 564 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 4 imtahan rəhbəri və 46 nəzarətçi-müəllim cəlb edilib.
İmtahan rəhbəri Məhəmməd Məmmədovun verdiyi məlumata görə, imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi martın 18-də respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib. İmtahanlarda ümumilikdə 36613 şagird iştirak edib.