REGİONLAR
Göyçayda şəhid Xəyyam Hüseynovun xatirəsi yad olunub
Göyçay, 29 sentyabr, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Xəyyam Hüseyn oğlu Hüseynovun Göyçayın Məlikkənd qəbiristanlığında məzarı ziyarət olunub. Xəyyam Hüseynovun şəhadətinin ildönümü ilə əlaqədar keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, din xadimləri, ağsaqqallar, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. İcra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev mərasimdə çıxış edərək bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin asan olmadığı, Xəyyam və onun kimi şəhidlərimizin qanı bahasına qazanıldığı vurğulanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Anım mərasimində şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Qeyd olunub ki, Xəyyam Hüseynov 1996-cı il iyulun 11-də Göyçay rayonunun Məlikkənd kəndində anadan olub. Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Döyüşlərin ikinci günü Talış-Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.